YeniAvropa xəbər verir ki, vəkillər müraciətlərində Eldar Həsənovun səhhətinin ağır olması ilə əlaqədar onun barəsində qətimkan tədbirinin dəyişdirilməsində köməklik göstərməyi xahiş ediblər.
"Bəlkə də, sonuncu dəfə müraciət edirik. Çünki Eldar Həsənovun vəziyyəti o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər",-deyə vəkillər bildiriblər.
Müraciəti vəkillər-Cavad Cavadov, Adəm Məmmədov, Valeh Mehrəliyev və Cəlil Mirzəyev imzalayıblar.
Xatırladaq ki, Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, növbəti gün məhkəmə onu sui-istifadə və büdcə vəsaitlərinin məqsəddən kənar xərclənməsi ittihamı ilə həbs edib.
Eldar Həsənov 2001-2020-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiyada, Monteneqroda və Bosniyada səfiri vəzifələrini tutub.
Bundan əvvəl isə, o, 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru vəzifəsində işləyib.