logo

Qarabağ atları “Kral Vindzor At Şousu”nda nümayiş olunub

20:53 13-05-2018 | icon 4837
Qarabağ atları “Kral Vindzor At Şousu”nda nümayiş olunub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə xalqımızın dünya atçılığına bəxş etdiyi xüsusi at cinsi olan Qarabağ atları Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsinin təqdimatında Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət İkinci Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Kral Vindzor At Şousu” adlı tədbirdə möhtəşəm şou proqramla çıxış edib.

ARAF-dan YeniAvropa-ya bildiriblər ki, şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət “Sərhədçi” rəqs qrupu, “Natiq” ritm qrupu, rəssamlar meydanda ölkəmizi təmsil ediblər. “Kral Vindzor At Şousu” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanın bu tədbirdəki ilk iştirakından bütün dünya vətənimizin igidlik və məğrurluq rəmzlərindən biri olan Qarabağ atına valeh olub. Təsadüfi deyil ki, Kraliçaya aid “Vindsor” qəsri 1956-cı ildə ilk Qarabağ atı – “Zaman” ilə tanış olmuşdur. Həmin il məhz İkinci Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıtmışdır.

Bütün tamaşaçıları heyran etmiş “Odlar Yurdu – Azərbaycan” adlı kompozisiyada Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun ecazkar müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində inanılmaz və möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam iştirak edib. On iki dəqiqə davam edən bu şounun quruluşçu rejissoru Azərbaycanın əməkdar artisti Nicat Kazımovdur.

Mayın 12-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət İkinci Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəmzi xatirə hədiyyəsi olaraq ona təqdim edib.