Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Rəsulov Dilafir Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.
Baş Prokurorluqdan YeniAvropa-ya verilən məlumata görə, Dilafir Rəsulovun “Konstra” MTK-nın direktoru vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən olunub. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
Bu il aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib.
İyulun 25-də Dilafir Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.