logo

Hansı tələbələr Kredit Fondundan yararlana biləcəklər?

18:53 18-06-2021 | icon 8505
Hansı tələbələr Kredit Fondundan yararlana biləcəklər?

Xəbər verdiyimiz kimi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, Təhsil Nazirliyi  Krediti Fondu ilə bağlı əsas məqamları aydınlıq gətirib. Beləliklə, Təhsil Tələbə Krediti Fondunundan kimlər və necə faydalanacaqlar? Əsas məqamlara birlikdə nəzər salaq:

- Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər;

- Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər;

- Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilkin şərt olacaq;

- Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək;

- Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək;

- Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq;

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək;

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq;

- Təhsil kreditində faiz dərəcəsi çox az olacaq;

- Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək;

- Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək;

- Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər;

- Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq;

- Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq;

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq;

- Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək;

- Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.