logo

Paytaxtda tanışını öldürən 21 yaşlı gənc həbs edildi

10:30 14-06-2021 | icon 805
Paytaxtda tanışını öldürən 21 yaşlı gənc həbs edildi

İyunun 13-ü saat 23 radələrində 1998-ci il təvəllüdlü Murtuz Murtuzovun bıçaqlanaraq xəsarət alması ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Məhəmməd Məhəmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Məhəmməd Məhəmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.