logo

Qadınların bir saniyəlik söhbəti: "Biz bazara gedirik"

11:50 08-03-2021 | icon 4487
Qadınların bir saniyəlik söhbəti: "Biz bazara gedirik"

   

(Beynəlxalq Qadınlar Gününə ithaf olunur)

 

...A kişilər, o Popovdu, kimdi- telefonu icad edən- onun atasına hər gün rəhmət oxuyuram! Heyıf deyildi, o zamanlar? Dayanırdılar divarın küncündə, özü də ayaq üstə, üzü divara! Bir əllərində 2 kiloluq mikrofon, o biri əllərində də bir o boyda dinamik –heç burunlarını belə qaşıya bilmirdilər! Qısa hal-əhval tuturdular , bitirdi gedirdi. Kim bu mobil telefonu icad etdi bizim başımız üçün?! Nə geçə bilirlər, nə gündüz- de ki,deyesən...

Zəmanəyə bax da,indi qadınlar evdə oturub  görüntü ilə Avstraliyada kenqurularla , Antarktidada pinqvinlərlə  danışırlar e..! Hələ bu qırmızıyanaq  mobil operator var ya, o da az aşın duzu deyil! Necə yəni 1 saat danış, cəmi 7 qəpik ödə?! Heç belə də tarif olar?! İndi mən sizə dərdimi anladım siz də dinləyin!

 

Bizim bu arvadın bir rəfiqəsi var–rayonda bağçada bir yerdə müəllimə işləyiblər! A kişilər, üstündən 27 il keçib eee ,  elə bil heç ayrılmayıblar-yenə bir yerdə işləyirlər. Ərləri nə etdi, hara getdi, kimə nə dedi, kimlər onların ərlərinə  baxdı, niyə baxdı, nə yedilər, alt qonşu kimin paltarlarının üstünə su tökdü, bittə-bittə başlayırlar anlatmağa. Hələ üstəlik yanlarında bir kitabça gəzdirirlər- qrafik üzrə, əlifba sırası ilə, kiminlə hansı saatda neçə “saniyə” danışıblar! Hamısını ora qeyd edirlər ki, birdən kiməsə zəng etmək yaddan çıxar. Yaxud, kitabça təsadüfən kişinin əlinə keçər, qoy  başa düşməsin ki, bunlar telefonda belə çox danışırlar.

Siz indi bir neçə saniyə də məni dinləyin! Bu rəfiqələrin son söhbətini sizə nəql edirəm:

 

    Mobil telefona zəng gəlir.Vvızz, Vvızz..

- Firəngiz , sənsən? Aaa, bəs səsin niyə belə gəlir?

-Tələsirəm, qısa kəs. Biz bazara gedirik!...

(Baxın, bu 3 kəlmədən ibarət olan cümləni düz 39 dəfə saniyəölçənlə ölçdüm. 0.97 saniyədən çox etmədi! İndi siz ölçün, baxaq görək  bu 1 saniyəlik cümləni qadınlar dartıb haralara aparacaqlar-S.B.)

 

-Səlimlə gedirsən?

-Bəs kimlə getməliyəm? Gördüm bazara gedir , tez ondan qabaq geyindim ki, mənə də bəzi şeylər almaq lazımdır. Məcbur qalıb razılaşdı.

-indi eşidir bizi?

-yox az, onda hövsələ harda idi? Maşının açarını götürüb endi aşağa.

-Aaa, bəs niyə çıxmırsan? Birdən hirslənib sürüb gedər aaa...

-Ölmüşdü Xankişi! Cibindən sənədlərini elə çəkdim heç ruhu belə incimədi.Yəqin fikirləşir ki, stolda qalıb, mən gətirəcəm... Hə danış , nə var- nə yox. Dünən axşam nə etdiniz? Yenə eyvanda oturub kişi ilə tum çırtladırdız? Sən danış, qulağım səndədir. Qapını açarlayıram-səsucaldan rejimdədir.

Səs eşidilir , çıx-çıx-çıx ..  

-Aaa, qapını cəmi bir açarla bağladın? Şəhər yeridir, oğrusu, filanı var?

-Birincisi evin təkcə qapısı bizimdir.Özü Moskvada yaşayan baçımındır,giya bilmirsən? İldə 1 dəfə gələ,ya gəlməyə. Gələndə də düz gedirlər Lənkərana. Vuqar gözü çıxmış qoydu ki, biz ev alaq? İkincisi ,arxayınam- qapımızın bu seyf açarını Səlimin bir dostu var idi, Cəlil, tələbə yoldaşı-Tovuzdan. Hələ sovet vaxtı Buzovnadakı  Əlvan metallar  zavodunda düzəltdirib. Böyük oğlumun 1 yaşında bizə hədiyyə gətirmişdi. Bizimkilər o zavodu çoxdan söküb, yerində göydələn tikiblər. İndiki oğrularda da elə fərasət  yoxdu ki, sovetin düzəltdiyi qıfılı açsınlar.

az,az,  öldüm gülməkdən. Əlvan adam adıdır eee. Bizdə xadimə işləyir-Əlvan xala!

--kül təpənə , 25 ildi rayondan çıxmışam, görürəm heç inkişaf etməmisiz . İndi Bakıda uşaqlar  belə  bilir ki, əlvan metal nədir?

-nədir ki o?

-var polad...

-hansı Polad?!

-Az,  polad da- yəni dəmir.Dəmirin içinə biz az karbon qazı vurursan, dönür olur polad-yəni daha məhkəmi. Onlar qara metallardır. Qalanları əlvan metal hesab olunur-mis, alüminium, qızıl-mızıl və s.

-hansı qazdan? Ay Firəngiz, indi şəhərli olanda nə olar, dolama da? Dəmir  “Coca-Cola”dır ki, içinə də karbon qazı vurasan?

-eee! ......

Həzin bir melodiya səslənir.Sonra məlahətli bir qız səsi eşidilir: 5-ci mərtəbə

-Az,  o nə səs idi ki belə?

-liftimiz!

-necə yəni? Sizin lift danışır ki? Lap metrodakı kimi ? Hər mərtəbəni elan edir?

-Əlbəttə! Sənin heç dünyadan xəbərin yoxdur ki?! İcra başçımız Asif Əsgərovun bərkgedən vaxtlarında binamızı 4 bir tərəfdən elə təmir etdilər ki, həmin o pullla düz 3 bu binadan tikmək olardı. Həyət tərəfdən bir yol çəkdilər, bir yol çəkdilər ki, Kürdəmir-Gəncə trası belə indi ondan ensizdir...Həyətimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Abad Həyət" layihəsinə düşmüşdü. Düz bir ildir SOCAR-ın ayırdığı pulu yeyib, həyətin qalan hissəsini bərbad vəziyyətdə qoyub, gediblər. Nə gələn var, nə gedən. İndi də kişi girib kabinetinə,çıxmır bayıra, gözünü də zilləyib qapıya ki, qara maskalılar indi gələr-sabah gələr...Bir dənə kül olub bu metronun təpəsinə-7 ildir tikib qurtara bilmirlər. Əvvəl Taği yedi metronun pulunu-Eldar da lap  əcəb elədi 3 milyon o puldan qopardı özünə. İndi də ki, nədir bu Təhminənin Zauru, o yeyir! Hər il, ilin sonunda "metro açılacaq" vədini verir-hələ də ortada bir şey yox! Az,az bəri bax.O gün pəncərədən baxıram. Bir lüks maşında  gəldi əraziyə-yanında qorumaları-filanı. Maşından düşən kimi kişi ayaqqabılarının üstündən baxıl geyindi ki, toz qonmasın!  Boy! Əlim ağzımda qaldı. Az, Yasəmən, öz aramızıdı, deyirəm bizim bu məmurların beyinləri niyə belə olur, hə?! Sonra da deyirlər ki, qara maskalılar gəlir. Belələri üçün gələr də!

Dayan, qoy tez  “vatçapa” baxım, görüm kim nə edib ötən gecə, xəbər tutmasam partlaram, axı bazardan qayıdanda onları başqalarına da danışmalıyam, kim nə edib...

Hə, danış, düz 16 saniyə vaxtımız var aşağıyadək - ya gözlə, ya da ki, danış...səsucaldana qoydum..

-Az, deyirəm, bəs niyə “Xəzər TV”yə demirsən ki, gəlib sizin lifti çəksinlər? Onlar belə materiallar üçün sinöv gedirlər?

Melodiya səslənir : üçüncü mərtəbə....

-Az aləmsən eee, şəhərli olmaq belədir də.....

- hə danış... eşidirəm..

-Bəs indi o Cəlil hardadır ki, onun haqqında belə keçmiş zamanda danışdın?

-Vallah,dedim axı  o qapını bizə 25 il əvvəl oğlumun ad gününə hədiyyə gətirmişdi...Sonra o gedən getdi. Bilmədik, rayona köçdü, ya hara? Səlim “Binə” talkuçkasında işləyən bir-iki tələbə yoldaşlarından hər il xəbər göndərirdi.Soraq vermədi.Bilmədik nədən bizdən küsüb getdi? O vaxtdan xəbər yoxdur..Voobşe yaxşı yadıma saldım. Gərək  sabah Xoşqədəmdən xahiş edəm, bir onu da  axtarsın… Bura bax, xeyir ola, Cəlil haradan yadına düşdü, niyə belə maraqlandın ki?

-Deyirəm hər şey dəqiq olsun da, axı sənin dediklərini mən da başqalarına danışacam...

-Kül təpənə? Lənkəranda kimə maraqlıdır ki, mənim Bakıdakı evimin dəmir qapısını 25 il bundan əvvəl kim düzəldib?

-birdən də,  mövzu qıtlığı olanda, bundan da istifadə etmək olar da. Gərək o zavodun da adını bir yerə yazam ki, yaddan çıxmasın...

    Melodiya səslənir:birinci mərtəbə.

- sağ ol, eee! Sabah üçün mənə əla idealar verdin. Yəqin bazara getmərəm! Kişini yola salan kimi  “XəzərTV” ilə dərdləşəcəm, bir necə saniyyəlik, yaxşı mövzulardır. Bura bax, səsini çıxarma, amma dinlə. Çatıram  maşına...

Qapını açıb,  oturur arxada, sol tərəfdə ki, kişi onu rahat görə bilməsin.

- sənədləri unutmuşam evdə , gətirdin?

- deyirəm, a kişi, sən mənim qədrimi bilməzsən eee... Ala. Sür getdik! Asta sür, birbaşa küçəyə çıxma. Pəncərədən baxdım- körpünün altında yenə köpək uşağ kamuflyaj edib özünü- çıxan kimi saxlayacaq!...

Aaa,  bax e, deyəsən  mənə zəng gəlir. Kimdi, görəsən? Alo?..Yasəmən, sənsən  zəng edən? Gör nə vaxtdır , sənlə danışmıram -1 il olar yəqin, hə?!.Bazara gedirik! Hə, Səlim də yanımdadır. Salam deyir sənə!....Evdəkilər necədir?. Yola bax!...Yox, az sənə demirəm. Bu Səlimlənəm eee. Həmişə həyətdən çıxanda  yolu protiv keçir. Bizim küçə yeni metroya görə, cəhənnəmə dönüb. Qarşı yola keçmək üçün gərək ya 1 km irəliyə gedib, sonra dönəsən, ya da ki protiv keçəsən.  “QAİ” də buna gözəl bilir. Odur ki,  hər gün gizlənir körpünün altında. Kim həyətdən qısa yolla çıxdı, dərhal qabağını kəsir.

Səlim də hər dəfə aşağa düşüb deyir ki, jurnalistəm- Vaqif müəllimin dostuyam!. Onlar da əlacsız qalıb buraxırlar.

Adam nə qədər Vaqif müəllimin adından istifadə edər? Vallah utanıram daha! Ayda-ildə 1 dəfə saytda Vaqif müəllimdəm yazı qoyur- həftədə 5 dəfə qoyda pozur!

Hə danış, uşaqlar necədir?... Biz yaxşıyıq…Bekarçılıqdan bazara gedirik...Sağdan gələnə bax,...az sənə demirəm...biri var idi, qabağımızdan vızla keçdi, “Porşe”, köpəkoğlu! Yol vermədi ki, protiv yolu keçək .. hə danış ... aaa...vaxseyyyy...

Vıyildayan səs siqnalı küçəni başına götürür: ”369, sağa ver, saxla!”

-Gördün a kişi, nə etdin?...Sən düşmə,özüm həll edərəm!

Başını pəncərədən çıxarır:

-A qardaş, salam, necəsən? Tanımadın?  Səlimdi də, jurnalist , Vaqif müəllimin dostu!

Yol polisi əməkdaşı maşına yaxınlaşır:

-Vətəndaş, qaydanı niyə pozursuz? Protokol yazacam.

-Qardaş günah hamısı Yasəməndədir? Biz bazara gedirdik, zəng edib başımızı qarışdırdı..biz də çaşıb protiv çıxdıq yola....day bu dəfə keç günahından ..səhər-səhər Vaqif müəllimə zəng etməyək.Bəlkə kişi heç razvoddan çıxmayıb? Ya da həmişəki kimi İTV-də canlı yayımdadır? Sən özümüzküsən də day,  gəlib burda bizə ömürlük qonşu olmusan. Gərək yola verəsən də biz qonşuları...

-ay bacı, nə danışırsız? Siz  əks yolu çıxmaqla  qəza şəraiti yaradırdız. Xəbəriniz var, “Porşe” üstünüzdən keçəcəkdi?

- Köpək uşağı, onu görüm axırıncı dəfə bizim küçədən keçsin! Qulaq as,sən gəl bu dəfə mənə görə keç onun günahından. Söz verirəm, daha etməyəcək, biz 1 saniyəlik bazara girib, çıxırıq. Üzrlü say. Söz. Hesab et ki, 1-0 sənin xeyrinədir. Oldu qardaş? Ürəyin nə istəyir  bazardan  alım sənə, onsuz da bütün günü körpünün dalındasan....

-Yaxşı, yaxşı, uzatma. Yolu bağlamısız,  sürün gedin.Bu, soncu dəfə olsun!...

-Az, Firəngiz, qurd ürəyi yemisən e lap!. Polisi də yola verdinsə, daha sənə sözüm yoxdur!

- bir az qorodskoy olmaq lazımdır...Yasəmən, incimə, biz bazara çatdıq. Bağışla, heç sənlə 1 saniyə belə rahat danışa bilmədim. Buna quş qoymuram..Evə çatan kimi, səni yığacam. Söz. Deyirəm, nə yaxşı bu mobil telefon, var ee- heç olmasa, 1-2 saniyəlik də olsa, dostlarla ürəkdən söhbət edə bilirik…

-tez ol, düş maşından, qapı bağlandı, görüm “Bakcell”i siz qadınlarsız qalsın. Elə siz də mobil telefon üzünə həsrət qalasız!

-niyə hirslənirsən eee ,1 saniyə imkan ver , sağollaşım da!....

 

Hesabladınızmı? Bax, qadınlara görə, 1 saniyəlik telefon danışığı, sən demə, elə bu qədər olurmuş…

 

Bayramınız mübarək, əziz qadınlar!

  

 Səlim Balayev