IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar mayın 26-da keçirilən mətbuat konfransında söyləyib.
O qeyd edib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
-Ekologiya.
Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150 dən və imtahanın ikinci mərhələsi üzrə balı 50 dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
-Bağçılıq və tərəvəzçilik;
-Baytarlıq təbabəti;
-Bitki mühafizəsi;
-Su bioehtiyatları və akvakultura.