Zəfər muzeyi möhtəşəm kompleks muzey olacaq. Muzeyin inşasına layihə tam hazırlanıb təsdiq olunduqdan sonra başlanılacaq. Bu dünyada bəlkə də unikal bir muzey olacaq.
YeniAvropa xəbər verir ki, bu fikri mədəniyyət naziri Anar Kərimov Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı media nümayəndələrinə müsahibəsində səsləndirib.
Nazir daha bir muzeyin işğaldan azad olunmuş Ağdam şəhərində açıq səma altında yaradılacağını söyləyib.
“Ağdamda açıq səma altında İşğal muzeyinin inşası da nəzərdə tutulub. Bu prosesə beynəlxalq ekspertlər də cəlb olunub. Məqsəd ondan ibarətdir ki, insanlar bu dağıntıların miqyasını və erməni xislətini, vəhşiliklərini görə bilsinlər”, - deyə nazir Anar Kərimov bildirib.
Nazir müsahibəsində Şuşada “Xarı bülbül” festivalının keçiriləcəyini və Vaqifin məqbərəsinin bərpa işlərinə başlandığını qeyd edib.
“1982-ci ildə Vaqifin məqbərəsinin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi. Ancaq, təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən həmin abidə demək olar ki, dağıdılıb. Prezidentin tapşırığı ilə onun bərpasına başlanılıb. Ümid edirəm ki, bərpa işləri bu ilin yayında başa çatacaq. Biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə abidə hazır olacaq”, - deyə nazir jurnalistlərə söyləyib.