logo

Azərbaycanın turizm potensialı Pekin sərgisində nümayiş olunur

14:51 16-04-2018 | icon 5019
Azərbaycanın turizm potensialı Pekin sərgisində nümayiş olunur

Çinin paytaxtı Pekində illik ənənəvi xaricə səyahətlər və turizm sərgisi (COTTM) keçirilir.

YeniAvropa xəbər verir  ki, dünyanın 70-ə yaxın ölkəsinin iştirak etdiyi sərgidə Azərbaycan milli stend və geniş nümayəndə heyəti ilə təmsil olunur.

Çində xaricə turizm səyahətlərinin təşviqi məqsədi ilə keçirilən sərgilərin ən əsası olan COTTM-da ümumilikdə 550-ə yaxın turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri iştirak edir. Sərginin məqsədi xaricə səfər edən Çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır.

Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, “Azərbaycan Hava Yolları” QSC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir. Ölkəmizin turizm imkanlarını əks etdirən 40 kvadratmetrlik sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və Çin dillərində reklam-çap məhsulları paylanılır.

Qeyd edək ki, son illər Azərbaycanda turizm sektoru iqtisadiyyatın prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycanın turizm potensialının xaricdə təbliği və tanıdılması ölkəmizə səfər edən tursitlərin sayının artmasına təsir edən əsas amillərdən biridir. Təcrübə göstərir ki, xaricdən turistlərin cəlb olunmasında bu cür beynəlxalq sərgilərin səmərəsi böyükdür.

Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 6 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il 130 milyona yaxın çinli xaricə turist kimi səfər edib. Qlobal turizm gəlirinin 15 faizə yaxını çinli turistlər tərəfindən təmin edilir. Çinlilər arasında xaricə səfərlərin çoxalmasına səbəb son illər əhalinin gəlirlərinin artması və bir çox ölkələrin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsidir.