Fevralın 19-da saat 16 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Nərimanov rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında “Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.