logo

Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir

19:17 18-02-2021 | icon 2359
Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir

Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. 

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın baş naziri Əli Əsədov fevralın 18-də Ankarada öz işinə başlayan Türkiyə-Azərbaycan biznes forumunda çıxışı zamanı səsləndirib. 

Baş nazir bildirib ki, Azərbaycanlı iş adamları bu baxımdan Türkiyədə hazırda  Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir.

Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə inkişafına yeni təkan verildiyini deyən Əli Əsədov bildirib ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına imkan yaradacaq.

Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan baş nazir deyib ki, mühüm infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi ötən il 2 dəfə artıb.

"Əminik ki, bu işbirliyi davam edəcək. Azərbaycan artıq 3+3 formatında yeni regional əməkdaşlıq platforması təklif edib. Bu platformanın mühüm tərkib hissəsi Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhlizdir",-deyən Əli Əsədov daha sonra tarixi Vətən müharibəsində Zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlandığını vurğulayıb.

"İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Azərbaycan prezidentinin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işləri başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır”, - deyə Əli Əsədov qeyd edib.

Baş nazir bildirib ki, türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq.