2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barrel azaldaraq 595 min barrel həcmində saxlamalıdır.
Qeyd edək ki, cari il yanvarın 5-də keçirilmiş “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.