logo

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 475 milyon tondan çox neft daşınıb

12:10 04-02-2021 | icon 2317
Bakı–Tbilisi–Ceyhan kəməri ilə 475 milyon tondan çox neft daşınıb

2020-ci ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 27,8 milyon ton (211 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 278 tankerə yüklənib.

“BP Azerbaijan” şirkətindən YeniAvropa-ya verilən məlumata görə, il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 111 milyon dollar, əsaslı xərclərə isə təqribən 29 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan ötən ilin sonunadək BTC ilə ümumilikdə 475 milyon tondan çox (təxminən 3,57 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4659 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz, “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.