Dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Xətai rayon Prokurorluğundan bildirilib.Qeyd edilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin qayınatası 1962-ci il təvəllüdlü Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.