logo

Mingəçevirdə Azərbaycan musiqi sənətinin iki görkəmli simasının yubileyləri qeyd olunub

21:15 21-12-2017 | icon 4690
Mingəçevirdə Azərbaycan musiqi sənətinin iki görkəmli simasının yubileyləri qeyd olunub

Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli simasının - bəstəkar Tofiq Quliyevin 100 illik, Fərhad Bədəlbəylinin 70 illik yubileyləri münasibətilə konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə kollecin foyesində yaradıcı gənclərin rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar. Sonra Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Konfransda Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov çıxış edərək Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığını Azərbaycan musiqi sənətinin qiymətli inciləri adlandırıb. “Tofiq Quliyev adı bizə eyni anda bir çox zəruri informasiya verir: bəstəkar, dirijor, simfonik əsərlərin və kantataların müəllifi, təcrübəli pedaqoq. O, həmçinin Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, çoxsaylı kinofilmlərdə səslənən musiqi parçalarının əvəzolunmaz bəstəçisidir. Maraqlı faktlardan biri də odur ki, Tofiq Quliyevin istedadını ilk hiss edib ona dəstək olanlardan biri böyük Üzeyir Hacıbəyli olub. Bu, bəstəkarın pedaqoji fəaliyyətində və yaradıcılığında dərin iz buraxıb. O da sələfi kimi, istedadlı gənclərə sahib çıxıb, daim musiqi sənətini təbliğ edərək maarifçilik işləri aparıb”, - deyə Əyyub Əyyubov qeyd edib .

Digər məşhur sənətkarımız Fərhad Bədəlbəyli haqqında danışan kollecin direktoru vurğulayıb ki, onun görkəmli rejissor Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açması gələcək taleyinə təsirsiz ötüşməyib. Məşhur pianoçu klassik əsərlərin mahir ifaçısı kimi Avropanın böyük səhnələrini fəth edib. Fərhad Bədəlbəyli dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb. O, Almaniya, Portuqaliya, Danimarka, İtaliya və digər ölkələrdə böyük sənətkar kimi xatırlanmaqdadır. Xalqımızın belə dəyərli şəxsiyyətlərini daim təbliğ etməliyik. Çünki onların yaratdıqları musiqi inciləri bəşəri əhəmiyyət daşıyır.

Sonra professor Əyyub Əyyubov konfrans ərəfəsində elan olunmuş rəsm və əl işləri müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar təqdim edib. Müsabiqənin yekunlarına əsasən, tələbələrdən Toğrul Əliyev birinci, Dinarə İbrahimli ikinci, Aysun Ağayeva isə üçüncü yerə sahib olub.

Konfransda səslənən digər məruzə və çıxışlar da maraqla qarşılanıb. Pedaqoqlardan Vüsalə Zeynalova, Aygün Hümbətova, Ceyhun Abdullayev və Rövşanə Fərəcbəyli bəstəkar Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığının diqqət çəkən xüsusiyyətlərindən, bənzərsiz əsərlərindən danışıblar. Prezident İlham Əliyevin onların timsalında sənətə və sənətkara böyük qiymət verdiyi xüsusi qeyd olunub.

Tədbir tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyanın və konsert proqramının nümayişi ilə davam etdirilib. Konsertdə Tofiq Quliyevin mahnıları və əsərləri səslənib.