Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Yasamal rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla rayon ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.