Aprelin 5-6-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat Mariya Teatrının saytında yer alıb. Səhnə əsərində Mariya teatrında çalışan azərbaycanlı balet artistləri də çıxış edəcəklər. Belə ki, Timur Əsgərov aprelin 5-də Fərhadın, Fuad Məmmədov isə aprelin 6-da Fərhadın dostlarından birinin partiyasını ifa edəcək.
“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.