Martın 7-dən 11-dək Almaniyanın paytaxtı Berlində “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyindən YeniAvropa-ya bildirilib ki, sözügedən tədbirdə ölkəmizi nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, əvvəlcə Yunanıstanda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı keçirilib. Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun növbəti toplantısında ölkəmizi təmsil edən nümayəndə heyəti ilə yanaşı, Dünya Turizm Təşkilatının sabiq baş katibi Taleb Rifai, Yunanıstanın turizm naziri Yelena Kontura, habelə bir sıra digər ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlər iştirak ediblər.
Əsas mövzusu “Davamlı turizmin inkişafı naminə dövlət-özəl sektor əməkdaşlığı” olan toplantıda nazir müavini Nazim Səmədov çıxış edib, müvafiq görüşlər keçirib.