logo

Bakıda İran kinosu günlərinin açılışı olub

21:37 23-02-2018 | icon 5131
Bakıda İran kinosu günlərinin açılışı olub

Fevralın 23-də Nizami Kino Mərkəzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə İran kinosu günlərinin açılışı olub.YeniAvropa xəbər verir  ki, açılış mərasimində dövlət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səslənib. 

Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və İran arasında dostluq, əməkdaşlıq münasibətləri ildən-ilə daha da genişlənir. Eyni sözləri iki ölkə arasında mədəni əməkdaşlığa da şamil etmək olar. Ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan nazir bunun ənənə şəklini aldığını söyləyib: “Elə il olmaz ki, Azərbaycanın sənətçiləri İranda keçirilən müxtəlif tədbirlərdə iştirak etməsinlər. Kinematoqrafçılarımızın birgə istehsalı olan filmlər beynəlxalq festivallara mükafata layiq görülüb. İki ölkənin birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar birgə fəaliyyətimizin uğurlu nəticəsini və mədəniyyətimizin dərin köklərə malik olduğunu göstərir".

İranın Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman ölkəsində ekranlaşdırılan filmlərdə əxlaqi və mənəvi dəyərlərə üstünlük verildiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da genişlənməsini arzu edən mərkəzin sədri deyib: “İran filmləri dünyada diqqət mərkəzindədir, hətta “Oskar” mükafatına layiq görülüb. Azərbaycan filmləri də beynəlxalq festivallarda xeyli uğurlar qazanıb. Sizin kinematoqrafçıların istehsalı olan filmlərinin İranda nümayiş olunmasını çox arzulayırıq”.

İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə kino günlərinin keçirilməsini dostluq və qardaşlığımıza bariz nümunə olduğunu, xalqların bir-birini yaxından tanımasına imkan yaratdığını bildirib.

Gecədə “Şəhriyar” adına ansambl musiqili proqramla çıxış edib.

Sonra İran kinematoqrafçılarının istehsal etdiyi “Cangüdən” bədii filmi nümayiş olunub.

Xatırladaq ki, fevralın 27-dək davam edəcək İran kinosu günləri çərçivəsində “Xəyalın şirin tamı”, “Divanə top”, “Ayaqqabım hanı?” bədii filmləri təqdim ediləcək.