logo

Filarmoniyada tanınmış bəstəkar Nəriman Məmmədovun 90 illiyi qeyd olunub

19:31 19-12-2017 | icon 4536
Filarmoniyada tanınmış bəstəkar Nəriman Məmmədovun 90 illiyi qeyd olunub

Dekabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.Yədbir Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb.Tədbirdə Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.

Bildirilib ki, elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Nəriman Məmmədov 1962-ci ildən etibarən uzun müddət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf edib.

Qeyd edilib ki, ömrü boyu milli musiqi xəzinəsinə daxil olmuş sənət incilərini diqqətlə araşdıran Nəriman Məmmədovun bəstəkar kimi Azərbaycanın musiqi mədəniyyəti salnaməsində özünəməxsus yeri var. Onun yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti həmişə cəlb edib. Nəriman Məmmədov sənətinin ən yaxşı keyfiyyətləri hər əsərdə özünü yeni bədii səviyyədə büruzə verib. Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. O, yeddi simfoniyanın müəllifidir. Səməd Vurğunun eyni adlı poeması əsasında yazılmış “Humay” baleti ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnə təcəssümü tapıb. Baletdə muğamlarımızdan məharətlə istifadə edilib.

Nəriman Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirib. Bəstəkar bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər, kvartet, trio və sonata bəstələyib. Onun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılıb.

Mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Əməkdar Artist Faiq Sadıqovun dirijorluğu ilə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Əməkdar artist Tariyel Abbasovun bədii rəhbərliyi ilə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının ifasında musiqilərlə müşayiət olunub.