Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il yanvarın 1-dən türk dünyasının mədəniyyət paytaxtıdır.
YeniAvropa xəbər verir ki, bu haqda qərar ötən ilin sonunda Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında elan olunub.
Xatırladaq ki, Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub.
Xivə şəhərindəki nəhəng İçan-Qala kompleksini gil divarlar əhatə edir. Bu divarların uzunluğu 2,5 km, hündürlüyü 10 metrdən çoxdur. Xivə ətrafındakı divarların tikilmə tarixi V əsrə aid edilir. Hazırda İçan-Qalada ənənəvi üslubda tikilən 400-dən çox ev var və burada indi də insanlar yaşayır. İçan-Qala UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və burada 60-dan artıq tarixi abidə qeydə alınıb.