logo

Azərbaycanın UNESCO-ya üzvlüyündən 25 il ötür

14:00 19-12-2017 | icon 4641
Azərbaycanın UNESCO-ya üzvlüyündən 25 il ötür

Dekabrın 19-da "Muğam klub"da Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə tədbir keçirilib.Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə  Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr edilmiş sərgisi ilə tanış olublar.

Sonra UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İH-nin sədri Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırıb. Bildirilib ki, 1945-ci ildə yaradılmış UNESCO dünyada elm, təhsil, mədəniyyət, kommunikasiya sahələrində beynəlxalq əməkdaşlığa məsul olan təşkilatdır. Hazırda bu qurumun 195 üzvü və 11 assosiativ üzvü var. Azərbaycan təşkilata 1992-ci il iyunun 3-də üzv olub.

Azərbaycan 25 il ərzində təşkilatla elm, təhsil, mədəniyyət, kommunikasiya, gender məsələləri, idman, gənclər və bir çox digər sahələr üzrə əməkdaşlıq edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz daha da genişlənib, Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib.

Əsgər Ələkbərov dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 25 il əvvəl üzv olan ölkəmizin bu müddət ərzində qurumla səmərəli əməkdaşlığından, tariximizin təbliği baxımından bu təşkilatla əməkdaşlığa verilən önəmdən, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, mədəni irsimizin qorunması Azərbaycan dövləti üçün prioritet istiqamətdir. "Azərbaycan muğamı", "Aşıq sənəti", "Novruz bayramı", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti", "Azərbaycanda çövkən ənənəvi Qarabağ atüstü oyunu", "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti", "Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka", "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi", "Simli musiqi aləti kamança, onun hazırlanması və ifaçılığı sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

UNESCO qərargahında Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərinin qeyd edildiyini söyləyən Ə.Ələsgərov deyib ki, Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir.

Əsgər Ələkbərov vurğulayıb ki, dövlətimizin başçısının 2007-ci il 16 may tarixli Fərmanı ilə yaradılan, mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və qayğısı sayəsində qədim şəhərimizi nadir memarlıq-şəhərsalma kompleksi kimi möhkəmlədib, tarixi memarlıq abidələrinin bərpası, konservasiya və restavrasiya işlərini aparıb, vətənimizin irsinin beynəlxalq səviyyədə təbliğ edilməsində yüksək nailiyyətlər əldə edib.

Sonra tədbir digər çıxışlarla davam edib.