logo

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

18:58 17-08-2019 | icon 5327
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

YeniAvropa xəbər verir  ki, anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edərək deyib: “Təəssüf ki, Müslüm Maqomayev aramızdan çox tez getdi. O, nadir şəxsiyyət idi. Onun bariton səsi dünyada ən nadir səslərdən biridir”.

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onun dərin məhəbbətlə anıldığını bildirib. O, bu sevginin gənc nəslə də ötürüldüyünü vurğulayıb və bundan hədsiz fərəh hissi keçirdiyini söyləyib.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir. Müslümün səviyyəsinə çatmaq çox çətindir.

S.Stepanov diqqətə çatdırıb ki, hər il Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin olması çox sevindiricidir. O, qəlblərdə yaşayır və yaşayacaq. Böyük müğənni ilə eyni yolu keçmiş sənətçilərin gənc nəsil arasında onu təbliğ etməsi də vacibdir.

Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir.

Müslüm Maqomayevlə uzun illərin dostu olduğunu söyləyən Eldar Quliyev deyib: “Musiqi onun həyatının mənası idi. Müslümün sənəti ölməzdir. Xoşbəxt insanam ki, onunla bir dövrdə yaşamışam”.