logo

Flora Kərimova: “Heç nəyə görə peşman deyiləm”

22:17 23-07-2019 | icon 6650
Flora Kərimova: “Heç nəyə görə peşman deyiləm”

Bu gün Azərbaycanın xalq artisti Flora Kərimovanın ad günüdür. YeniAvropa xəbər verir  ki, 78 yaşını qeyd edən sevilən müğənni doğum günü ilə bağlı təəssüratlarını "Azvision.az"labölüşüb.

  • Flora xanım, adətən kişilər haqqında "yaş kişinin var-dövlətidir" deyirlər. Bəs sizin üçün "yaş" nədir? 
    - Yaş ağıllı qadın üçün nəticə, xasiyyətində nəyinsə dəyişikliyi deməkdir. Yaxınlarının, övladlarının qədrini daha da çox bilməkdir. Həmçinin düşüncə deməkdir ki, mən düz yaşaddımı, düz tərbiyyə verdimmi? Düşüncəli qadın hər yaş günündə özü haqqında hesabat verir. Mən belə fikirləşirəm. Mənim üçün doğum günüm hesabat və əzabdır. 



    - Əzab nədən qaynaqlanır? 

    - Bu gün Ağdamın işğalı gündür. Bəs bu əzab deyil? Ağdamın işğalı Qarabağın işğalı deməkdir. Bu gün hamımız Qarabağlıyıq, Ağdamlıyıq. 

    - Onda yəqin ki, doğum gününüzü başqa vaxt qeyd edirsiniz... 

    - Yox, doğum günümü heç vaxt qeyd etmirəm. Bir dəfə oğlum Almaniyadan gəlmişdi. Onun doğum günü ayın 22-sidir, mənimki isə 23-dür. Biz onun doğum gününü 24-ü qeyd etdik. Onunla da bu kitab mənim üçün bağlandı. Ona qədər ad günümü qeyd etməmişəm, bundan sonra da etməyəcəyəm. Mən ad günümü qeyd etmirəm. Ad günü mənim nəyimə yaraşır?! 



    - 78-dən geriyə boylananda ən çox hansı illərin xatirəsi sizi çəkir? 

    - Xatirələrə dalmıram. Reallıqla yaşayan adamam. Heç vaxt da geriyə baxmıram. 78 yaş qazancımdır. Ancaq keçmişi vərəqləmirəm. Heç bir sözümə, heç bir addımıma görə peşman deyiləm. Onlar mənim həyatım, mənim düşüncəm idi. Düz və ya yanlış, mən belə düşünüb belə hərəkət edirdim. Heç bir fikrimdən imtina etmirəm. 



    - Bu gün sizin ürəyinizin sarı simini nə tərpədər? 

    - Qarabağ, bir də qız nəvəm tərpədərdi. Bilirsiniz ki, qızımın ailəsi nakam qaldı, ancaq düşünürəm ki, qapılar açılar və mənə də balaca Floranı qucağımda saxlamağa Allah imkan verər. 

    - Bu gün özünüzü hansı mahnınızla təbrik etmək istərdiniz ? 

    - Qarabağın dərdi var 
    Dərdinə qurban olum..... 

    Allah mənə ömür versin, Qarabağın dərdini yox, sevincini yaşayım.