logo

Bakıda Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb

21:45 04-07-2019 | icon 6062
Bakıda Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb

İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi açılıb.

YeniAvropa xəbər verir  ki, sərginin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində açılan sərginin əhəmiyyətindən danışıb, 

Fransalı arxeoloq Bertiy Lione Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan danışıb. Bildirib ki, o, Azərbaycanın bölgələrində aparılan arxeoloji qazıntılar zamanı təkcə qədimi əşyaları tapmaqla kifayətlənməyib, həmin dövrlərdə yaşayan insanların həyatını, mühitini, sosial və ailə münasibətlərini tədqiq edib.

Fransanın sabiq ətraf mühit naziri Seqolen Royal diqqətə çatdırıb ki, Bakıya UNESCO-nun 43-cü sessiyası münasibətilə gəlib. İki ölkə arasında elmi əməkdaşlıqdan söz açan fransalı qonaq sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli İncəsənət Muzeyinə, AMEA-ya və Fransa səfirliyinə təşəkkürünü bildirib.

Bildirilib ki, Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparıb.

Araşdırmaların nəticələri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Neolit, Eneolit və Kür-Araz mədəniyyətlərinin müxtəlif problemlərini öyrənməyə imkan verib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 200-dən çox maddi-mədəniyyət nümunəsi tapılıb.

Arxeoloqların sözlərinə görə, bu qədim yaşayış məskəni Fransadan olan Morqan qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin nəticəsi kimi əldə edilən xəritə əsasında aparılan tədqiqatlar zamanı aşkarlanıb.

Tovuz ərazisində aparılan qazıntılar nəticəsində Menteş qədim yaşayış yerində Neolit dövründən Erkən Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin mövcudluğu üzə çıxarılıb.

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümieğ Universiteti arasında 2017-ci ilin martında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının nəticələrini əks etdirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tiflisdə də təşkil olunması planlaşdırılır.