Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatma mərasimi keçirilib. YeniAvropa müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, iştirakçı ölkələrin sayının tək olması səbəbindən təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər. Püşkatmaya əsasən, Azərbaycanı müsabiqədə təmsil edəcək Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. Azərbaycanla eyni yarımfinalda , həmçinin Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələridə çıxış edəcəklər.
Qaydalara görə, finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.