Aprelin 16-da Bakı Fotoqrafiya Evində “Havana 500 il” adlı fotosərginin açılışı olub.
YeniAvropa xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Fotoqrafiya Evi və Kuba Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən keçirilən sərgi bu il 500 yaşını qeyd edən Kubanın paytaxtı Köhnə Havana şəhərinə həsr edilib.
Tədbirdə çıxış edən Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo Havana şəhərinin 500 illiyinin Bakıda, İçərişəhərdə qeyd edilməsinin məmnunluq doğurduğunu bildirib. “Bu gözəl gecədə azərbaycanlı dostlarımızla bir yerdə olmaqdan şadıq”, - deyən səfir vurğulayıb ki, belə tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır və onlar sanki bir-birilərini kəşf edirlər.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova deyib: “Bu gün biz çox maraqlı bir sərgi ilə tanış oluruq. Sərgidə təqdim olunan 30 fotoşəkil məşhur kubalı fotoqraf Vladimir Molina Espada tərəfindən çəkilib”.
Diqqətə çatdırılıb ki, Vladimir Molina ali təhsilini Matansas Universitetində alıb, “Combate News”, ICRT-də fotomüxbir kimi çalışıb. Hazırda “Prensa Latina”da fotojurnalist kimi çalışan Espada, eyni zamanda, müxtəlif beynəlxalq tədbirləri işıqlandırır.
Sərgi aprelin 23-dək davam edəcək.