Fevralın 20-də İçərişəhərdə yerləşən Bakı Rəsm Qalereyasında “Kolumbiya-Azərbaycan: rənglərin rapsodiyası” adlı fotosərgi açılacaq.YeniAvropa xəbər verir ki, sərgidə iki diplomatın – Zaur Qulaməliyev və Xose Rikardo İnfante Frankonun işləri təqdim ediləcək.
Sərgidə iki müəllifin 40 fotoşəkili nümayiş olunacaq. Fotoşəkillərdə əsasən rənglər, insanların emosiyaları və hər iki ölkənin özəllikləri göstərilir. Ekspozisiyada nümayiş olunan fotoşəkillərin arasında çox bənzər və fərqli məqamlar öz əksini tapıb.
Maraqlı məqam odur ki, diplomatların hər ikisi də fotoqrafçılıq hobbisini peşəkar fəaliyyətə çevirə bilib. Sərginin məqsədi Azərbaycanı kolumbiyalı fotoqrafın, Kolumbiyanı isə azərbaycanlı fotoqrafın gözlərindən görməkdir.
Məhz bu mədəniyyətlərarası dialoqun əsasıdır. Qeyd edilən fotosərgi Kolumbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilir.