logo

İranda növbədənkənar prezident seçkilərində 80 namizəd qeydiyyatdan keçib

11:44 04-06-2024 | icon 4648
İranda növbədənkənar prezident seçkilərində 80 namizəd qeydiyyatdan keçib

İranda növbədənkənar prezident seçkilərində iştirak üçün indiyədək 80 namizəd qeydiyyatdan keçib. Namizədlərin yekun siyahısı iyunun 13-də açıqlanacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə İran Konstitusiyasının Keşikçiləri Şurasının rəsmisi Hadi Tahan Nazif dövlət telekanalının efirində məlumat verib. 

Onun sözlərinə görə, namizədlərin təsdiqi prosesi qanuna uyğun olaraq beş gün çəkir və sonradan daha beş gün uzadıla bilər. 

Nazif xatırladıb ki, namizədlərin heç də hamısının adı seçki bülletenində olmayacaq, çünki qeydə alınmış namizədlər hələ Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib.

İran konstitusiyasına görə, prezidentin ölümündən sonra növbəti 50 gün ərzində yeni seçkilər keçirilməlidir.