logo

Lamiyənin voleyboldan başlayıb dördqat dünya çempionluğuna gedən yolu

09:43 04-06-2024 | icon 6034
Lamiyənin voleyboldan başlayıb dördqat dünya çempionluğuna gedən yolu

Para-atletika üzrə dördqat dünya çempionu, ikiqat Olimpiya medalçısı və dünya rekordçusu Lamiyə Vəliyeva voleyboldan başlayıb dördqat dünya çempionluğuna gedən yoldan danışıb.

YeniAvropa həmin müsahibəni təqdim edir:

-Necə oldu ki, bu idman növünü seçdiniz və atlet olmaq qərarına gəldiniz? Yəqin ki, sizi buna ruhlandıran səbəblər olub?

-Ümumiyyətlə, məşğul olduğum ilk idman növü voleybol idi. Məni idmana rəhmətlik babam yönəltdi və mənə bu yolda motivasiya verdi. O, kiçik yaşlarından məndə xüsusi istedad görürdü. İdmana necə həvəsli olduğumun fərqində idi. Amma hansı istiqamətdə getməli olduğuma qərar verə bilmirdim. Babam voleybolu çox sevir, eyni zamanda izləyirdi. İstəyirdi ki, mən də bu idman növü ilə məşğul olum. Nəhayət 12 yaşımda voleybola yazıldım və 1 il 2 ay özümü bu idman növündə sınadım. Bu zaman kəsiyində qaçış yarışlarında da iştirak edirdim. Finiş xəttinə hamıdan qabaq çatırdım. Öz yaşadığım məhəllədə də oğlanlarla yarışırdım və onları qabaqlayırdım. Hər kəs qaçışda istedadlı olduğumu söyləyirdi. Hətta voleybol müəllimim Şahin bəy valideynlərimə demişdi ki, Lamiyədə böyük potensial var. O, mənim yüngül atletikaya yazılmağımı məsləhət gördü. Beləliklə, 13 yaşımdan etibarən yüngül atletika ilə məşğul olmağa başladım. Çox yaxşı nəticələr göstərirdim. O vaxtdan indiyə kimi məqsədə doğru belə də davam edirəm.

-Hər idmançının bəyəndiyi, baxıb ilham aldığı idmançılar olur. Sizin kumiriniz kimdir?

-Uşaqlıqdan bəri kumirim Brüs Lidir. O, karateçi olsa da, fəlsəfə və düşüncələrini bütün idman növlərinə şamil etmək olar. O, hazırda həyatda deyil. Amma çox əfsanəvi insan olub. Mənim atam da onun pərəstişkarıdır. İdman və gündəlik həyatımda onun sözləri, idmana yanaşma tərzi və münasibəti mənə stimul verir. Brüs Linin bir fəlsəfəsi var ki, on min fərqli zərbəni edən insandan yox, bir zərbəni 10 min dəfə təkrarlayıb öyrənən insandan qorxuram. İnanıram ki, çoxları bunun nə anlama gəldiyini başa düşürlər. Yəni əsas odur ki, hədəfə çatana kimi dayanmayasan.

-İdmançı kimi demək olar ki, bütün titulları qazanmısınız. Yarışmaq, mübarizə aparmaq yorucu gəlmir?

-Mənim bu yaşda belə nailiyyətlər əldə etməyim birdən-birə baş verməyib. Bu uğurların arxasında böyük zəhmət durur. İnsanlar elə başa düşür ki, gənc yaşında belə nəticələr əldə edibsə, artıq bundan başqa nə lazımdır? Lakin belə deyil. Mən bu yerlərə uşaqlığımdan bəri çox böyük əziyyətlərlə gəlib çıxmışam. Ətrafımdakı insanlar bunun şahidi olublar. Onu demək istəyirəm ki, gələcəklə bağlı məqsədlərim böyükdür. Bununla kifayətlənmək fikrim yoxdur. Özüm-özümlə mübarizə aparıram. İldən-ilə daha da inkişaf edib, özümü yüksək səviyyədə göstərmək istəyirəm.

-Gənclər arasında kifayət qədər məşhursunuz. Xüsusilə əks cinsin nümayəndələri arasında fanatlarınız çoxdur. Bu qədər tanınmaq, məşhur olmaq karyeranıza mənfi təsir göstərmir?

-Xeyr, mənfi təsir göstərmir, əksinə daha da motivasiya verir. Bu o deməkdir ki, insanlar məni izləyir, dəstəklərini əsirgəmirlər. Mənim üçün çox qürurvericidir ki, insanlar cinsiyyətindən, yaşından asılı olmayaraq məni dəstəkləyirlər. Bu, daha yaxşı nəticələr göstərməyimdə rol oynayır. Bir sözlə, mənfi yox, əksinə, pozitiv bir haldır.

-Nə vaxtsa “ulduz xəstəliyi”nə tutulmusunuz?

-Heç vaxt belə bir şey olmayıb. Hər bir nəticəmi əziyyətlə əldə etmişəm. Situasiyadan asılı olmayaraq hər zaman şükür etmişəm. Bu vaxta kimi özümü kimdənsə üstün görməmişəm. Çünki hamımız insanıq və əsas insani keyfiyyətləri qorumaqdır. Xoşbəxtəm ki, mən bunu qoruya bilirəm.

-İdmançıların xüsusi qida rejimi olur. Sizi hər zaman formada görmüşük. Bunun üçün daha çox hansı qidalardan istifadə edirsiniz?

-Xüsusi qida rejimimin olduğunu deyə bilmərəm. Amma yarış və məşqlərdə öz potensialımı göstərə bilim deyə, əsasən vitamin və minerallarla zəngin olan qidalara üstünlük verirəm. Çalışıram ki, enerjimi artıracaq və mənə güc verəcək qidalar qəbul edim.

-Finişə ilk üç pillədə çatan atletlər yarış başa çatan kimi tribunaya yaxınlaşıb bayraq götürür və dövrə vurmağa başlayırlar. Maraqlıdır, həmin bayraq arenaya əvvəldən gətirilir, yoxsa tamaşaçılardan götürürsünüz? Çünki heç bir idmançı qalib olacağını əvvəlcədən bilmir…

-Yarışa hər iştirakçı ölkənin öz nümayəndələri gəlir. Yəni heç bir turnirə tək getmirəm. Milli Paralimpiya Komitəsinin komandası ilə yarışın təşkil olunduğu ölkəyə yollanırıq. Hər bir komanda öz bayrağını götürüb, tribunada əyləşir və öz idmançısına dəstək olur. Hansı atlet qalib gələrsə, onun təmsil etdiyi ölkənin nümayəndələri bayrağı tribunadan idmançıya ötürürlər.

-İdmançı kimi ən böyük arzunuz nədir?

-Əslində, özümə limit qoymuram. Həyatda çox böyük məqsədlərim var. Bunu dilə gətirmək mənim üçün olduqca çətindir. Çünki arzularım ürəyimdədir. Məqsədlərimə çatmaq üçün var gücümlə çalışıb, mübarizə aparıram. Böyük əziyyət çəkirəm. Bildiyim bir şey var ki, bu yolda sona kimi gedəcəyəm.

-Yaponiyanın Kobe şəhərində keçirilmiş para-atletika üzrə dünya çempionatında iki qızıl medal qazandınız. Parisə dördqat dünya çempionu kimi yollanacaqsınız. Paralimpiya Oyunlarında, yəqin ki, çempionluqdan başqa nəticə sizi qane etməyəcək…

-Bütün turnirlərə güclü şəkildə hazırlıq görürəm. Bu titulla Parisə yollanmağım mənə stimul verir. Açığı, Yaponiyadakı dünya çempionatı olduqca ağır keçdi. İnanırdım ki, burada iki qızıl medal qazana bilərəm. Məşqlərdə də görürdüm ki, mən bu nəticəyə imza atmaq potensialına sahibəm. Dünya çempionatına inamlı şəkildə getmişdim. Əziyyətlərimin bəhrəsini görürəm. Ümid edirəm ki, bu, son olmayacaq. Uğurlarımın davamını Fransanın paytaxtında gətirmək və Vətənimi layiqincə təmsil etmək üçün çalışacağam.

-Bütün Azərbaycan Paris Olimpiadasında sizdən uğurlu nəticə gözləyir. Bu amil üzərinizdə təzyiq yaratmır?

-Bu, mənə özümü daha yaxşı tərəfdən göstərməyim üçün motivasiya verir. Dördqat dünya çempionu kimi Paralimpiyaya yollanmaq özümü sübut etmək üçün mənə kömək olacaq. Çoxları elə düşünür ki, təzyiq altında olacağam. Təzyiq əlbəttə ki, var. Buna baxmayaraq, hər bir yarış mənim üçün çox önəmlidir.

-Dünya çempionatındakı qızıl medalların sayına görə Azərbaycanın Paralimpiya idman növündə rekordçusunuz. Birinci olmaq necə hissdir?

-Çox gözəl hissdir. Azərbaycanda bu nəticəyə nail olan ilk insanam. Təbii ki, bu barədə sadəcə sevincli olduğumu deyə bilərəm. Bu amil gələcəkdə uğurlarımın artmasına kömək edəcək.

-Dördqat dünya çempionluğu ilə karateçi Rafael Ağayevin uğuruna bir addım da yaxınlaşdınız. Buna görə tanınmış karateçimizdən təbrik zəngi və ya mesajı aldınız?

-Mesaj almasam da almış kimiyəm. İnanıram ki, Rafael Ağayev bir idmançı kimi mənim nailiyyətlərimə çox sevinir. Çünki o da bu uğurun necə əziyyətlərlə ərsəyə gəldiyini bilir. Fəxr edirəm ki, belə əfsanəvi idmançı ilə adım yanaşı hallanır. O, karatenin əfsanəsidir. Mənim özümün də Brüs Linin fanatı kimi karate idman növünə sevgim var.

-Tokio Olimpiadasında rekord qıraraq qızıl medal qazandınız. Bu nəticəni Parisdə də təkrarlamaq mümkün olacaqmı?

-Gündə iki dəfə, hər biri iki-üç saat olmaqla məşq edirəm. Əlbəttə ki, Tokioda əldə etdiyim uğuru Parisdə də təkrarlamaq niyyətindəyəm. Bunun üçün nə lazımdırsa, edəcəyəm. Nə qədər əziyyət lazımdırsa, çəkəcəyəm. İnanıram ki, orada da fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilərəm. Ümid edirəm ki, nəyə layiqəmsə, ona da nail olacağam.

-Sizin üçün dünya çempionluğu titulu önəmlidir, yoxsa Paralimpiya Oyunlarında qazanılan medal?

-Ümumiyyətlə, hər bir titul mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki qatıldığım bütün turnirlərə ciddi şəkildə hazırlaşıb gedirəm. Heç bir yarışı hansındansa üstün görmürəm. Sadəcə, layiqincə bacarığımı nümayiş etdirməyə fokuslanıram.

-Beynəlxalq arenada əldə etdiyiniz uğurlar gənc qızların bu idman növünə marağını artırıb. Hazırda öz davamçınız olaraq gördüyünüz idmançı varmı?

-Hazırda təəssüflər olsun ki, özümdən başqa heç kimi görmürəm. Amma çox istəyərəm ki, davamçı kimi görəcəyim biri olsun. Qadınları bu idman növü ilə məşğul olmağa təşviq etdiyim üçün sevinirəm. Çalışıram ki, onlara idmançı karyeralarında uğur əldə edə bilmələri üçün daha da motivasiya verim./AZƏRTAC