logo

Avropa Bankı “AzərEnerji”yə 30 milyon $ kredit ayıracaq

19:20 29-05-2024 | icon 2226
Avropa Bankı “AzərEnerji”yə 30 milyon $ kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası bu ilin son rübünə qədər “AzərEnerji” ASC-yə ayrılacaq 30 milyon dollar məbləğində krediti vəsaitini təsdiqləməyi planlaşdırır.

YeniAvropa  AYİB-in yaydığı məlumata istinadla xəbər verir ki, layihə hazırda baxılma mərhələsindədir və yekun nəticə hələ Direktorlar Şurasına təqdim edilməyib.

Qeyd olunur ki, borcalan qismində Maliyyə Nazirliyi, icraçı isə “AzərEnerji” ASC olacaq. Layihənin ümumi dəyəri 30 milyon dollardır. Kredit hesabına Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada möhkəmləndirmə işlərinin aparılması üçün avtotransformator avadanlığının alınması maliyyələşdiriləcək.

“Bu layihə AYİB-in elektrik şəbəkəsinin çevikliyinin artırılmasına və bərpaolunan enerji mənbələrinin potensialının inteqrasiya edilməsi üçün lazım olan elektrik şəbəkəsinin modernləşdirilməsinə yönəlmiş ilk layihəsi olacaq. Bu layihənin uğurla həyata keçirilməsi gələcək bərpaolunan enerji layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkənin gücləndirilməsi üzrə gələcək layihələr üçün nümunə olacaq”, - deyə AYİB-in məlumatında deyilir.

Layihə, eyni zamanda, institusional islahatlara və yaşıl keçidin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.