logo

Cari il gəlirlərin dinamikası büdcəyə dəyişiklikləri labüd edir-Tahir Mirkişili

11:33 27-05-2024 | icon 2807
Cari il gəlirlərin dinamikası büdcəyə dəyişiklikləri labüd edir-Tahir Mirkişili

2024-cü il dövlət büdcəsinə dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.

YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin mayın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsini təqdim edərkən səsləndirib.

Komitə sədri bildirib ki, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır.

Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin sonlarında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir.