logo

Avropa çempionatı: 2 qadın güləşçimiz medal görüşünə çıxacaq

18:48 22-05-2024 | icon 2723
Avropa çempionatı: 2 qadın güləşçimiz medal görüşünə çıxacaq

Azərbaycanın üç qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında mübarizəyə qoşulub.

YeniAvropa xəbər verir ki, Şəhanə Nəzərova (50 kiloqram), Gültəkin Şirinova (55 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) ilk görüşlərindən məğlubiyyətlə ayrılıblar.

Ş. Nəzərova və R. Məmmədovanın rəqibləri finala yüksəldiyi üçün onlar təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıblar. İdmançılar sabah müvafiq olaraq, slovakiyalı Kristina Basiç və çexiyalı Anna Miçalcovanı sınağa çəkəcəklər.

Bu gün, həmçinin yığmanın 4 üzvü medal görüşünə çıxacaq. Yunan-Roma güləşçiləri Nihad Quluzadə (60 kiloqram) türkiyəli Mert İlbarsla, Qurban Qurbanov (82 kiloqram) rusiyalı İslam İsmayıloviçlə qızıl medal uğrunda üz-üzə gələcək. Bürünc medal görüşündə isə Ruslan Nurullayev (72 kiloqram) macarıstanlı Petar Qorniyaşki ilə, Murad Əhmədiyev (97 kiloqram) finlandiyalı Aapo Viitala ilə yarışacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) bürünc mükafata yiyələniblər. Avropa çempionatı mayın 26-da başa çatacaq.