logo

Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır-Hidayət Heydərov

09:09 22-05-2024 | icon 2009
Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır-Hidayət Heydərov

Bütün Azərbaycan xalqının dəstəyini hiss edirdim. Sevincimə mənimlə birgə şərik olduqları üçün azarkeşlərə təşəkkür edirəm.

YeniAvropa xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib.

27 yaşlı idmançı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi instaqram hesabında etdiyi paylaşım ona əlavə stimul verib: "Bu yolda mənə kömək olan Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinə minnətdaram. Xüsusilə də federasiyamızın vitse-prezidenti Elnur Məmmədliyə təşəkkür edirəm".

H.Heydərov final görüşünə olduqca inamlı çıxdığını qeyd edib: "Kimlə, harada güləşməyimdən asılı olmayaraq, məqsədim həmişə qələbə qazanmaq olub. Çox motivasiyalı idim. Özümü itirmədim, sadəcə, qələbəyə kökləndim. Bunun nəticəsində finalda vaxtın bitməsinə 10 saniyə qalmış yaponiyalı rəqibim Tatsuki İşiharanı ipponla məğlub etdim".

O, növbəti hədəfinin "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb: "Sadəcə səbirli olmaq lazımdır. Olimpiadaya da eyni qaydada hazırlaşıb öz gücümü göstərmək niyyətindəyəm".

Qeyd edək ki, Hidayət Heydərov 11 ildən sonra Azərbaycana yenidən qızıl mükafat qazandırıb. Sonuncu dəfə bu titula 2013-cü ildə Braziliyada təşkil olunmuş mundialda Elxan Məmmədov sahib çıxıb.