logo

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə edilib

22:22 21-05-2024 | icon 938
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə edilib

Mayın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl nümayəndə heyəti Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əklil və gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.

Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində belə görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunlarının qərargahını ziyarət ediblər. Qərargahda təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.