logo

Bakıda Azərbaycan-Ukrayna regional təhlükəsizlik məsələləri müzakirə olunub

21:41 21-05-2024 | icon 707
Bakıda Azərbaycan-Ukrayna regional təhlükəsizlik məsələləri müzakirə olunub

Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevi təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və sair istiqamətlərdə inkişafından məmnun olduqlarını qeyd ediblər.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov COP29-un öz növbəsində əməkdaşlıq gündəliyinə iqlim dəyişikliyi ilə mübarizə məsələsini daxil etməklə, münasibətlərin inkişafına töhfə verə biləcəyini qeyd edib.

Səfir Yuriy Husyev səmimi qəbula görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Azərbaycan tərəfindən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstəyə, o cümlədən Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar edilən humanitar yardımlara görə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.