logo

Göydəniz Qəhrəmanov yenidən ATAA-nın sədri seçilib

11:55 14-05-2024 | icon 847
Göydəniz Qəhrəmanov yenidən ATAA-nın sədri seçilib

Mayın 14-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının(ATAA) IV Baş Assambleya keçirilib.

YeniAvropa xəbər verir ki,  “Yay mövsümünə hazırlıq” mövzusunda keçirilən tədbirdə  çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov turizmin müxtəlif sahələrini birləşdirən ixtisaslaşmış ictimai birliklərin və bütövlükdə sənayenin təşkilatlanmasının dövlət-biznes tərəfdaşlığının inkişafında, sənaye ilə səmərəli və çevik əlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd edib.

O, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına, eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən bu kimi birliklərin fəaliyyətinə daim dəstək verdiyini, həmçinin Agentliyin turizmin tənzimlənməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, turizm məhsullarının yaradılması, marketinq kimi bir sıra mühüm istiqamətlərdə sənaye ilə əməkdaşlığın genişlənməsində əlaqələrin vacibliyini vurğulayıb.

Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkə turizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması və fəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdə cəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyə turist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O, son illər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafı istiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla, aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüş keçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Tədbirin davamında ATAA-nın rəhbər strukturuna seçki keçirilib. Göydəniz Qəhrəmanov yenidən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.

Səsvermədə 122 iştirakçıdan 118-i lehinə səs verib, 4 nəfəri isə bitərəf olub.