logo

Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək

12:32 08-05-2024 | icon 700
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək

Mayın 13-14-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı keçiriləcək.

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə reallaşacaq beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, konfransda 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edəcək. Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.

Konfrans təqdimat və interaktiv müzakirələr formatında keçiriləcək. Tədbir iştirakçıları ICESCO-ya üzv ölkələrin kontekst və prioritetləri arasında yaxınlaşma və divergensiya sahələrini, qiymətləndirilən bacarıq və sahələr, həmçinin beynəlxalq qiymətləndirmələrin kontekstual məlumattoplama üsullarını və metodologiyalarını araşdıracaqlar.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.