logo

12 taekvondoçumuz Avropa çempionatına yollanır

18:38 06-05-2024 | icon 2387
12 taekvondoçumuz Avropa çempionatına yollanır

Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya bildiriblər ki, mayın 9-12-də təşkil olunacaq turnirdə ölkəmizi 12 idmançı təmsil edəcək. Onlardan 8-i kişi, 4-ü isə qadın taekvondoçudur.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Elnur Amanov yarışda Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Riyad Şirəliyev (63 kiloqram), Yaşar Məmmədli (68 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Taleh Süleymanov (87 kiloqram) və Hamidreza Badrialiabadiyə (+87 kiloqram) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kiloqram), Məryəm Məmmədova (49 kiloqram), Nigar Abdullayeva (53 kiloqram) və Leyla Bəşirovanı (57 kiloqram) sınayacaq.

Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.

Bu gün səfərə yollanan komandaya Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə rəhbərlik edəcək.