logo

Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

18:48 30-04-2024 | icon 910
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn formatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.

Hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilir. Hər tədris ilinin əvvəlində Beynəlxalq Olimpiadalara hazırlaşan şagirdlərin seçimi milli olimpiada və müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər arasında təşkil olunur.

Qeyd edək ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un Elm və Təhsil Nazirliyinin əməkdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib, əldə etdikləri medal sayını 4 qızıl, 21 gümüş və 45 bürünc olmaqla ümumilikdə 70-dək artırıblar.