logo

Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək

14:14 27-04-2024 | icon 679
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək

Aprelin 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Komitədən YeniAvropa-ya verilən məlumata görə, tədbirdə qurumun rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın ayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.

Tezliklə daimi yaşayış üçün doğma yurda qayıdacaq suslular çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaq.