logo

Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib

14:44 22-04-2024 | icon 1477
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib

“Təəssüflər olsun ki, Nicat Abasovun İddiaçılar Turnirinin qalibləri sırasında olmayacağı gözlənilən idi. Həm Nicat, həm federasiya turnirin yekunundan müəyyən nəticələr çıxarmalıdır”.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Kanadanın Toronto şəhərində keçirilmiş İddiaçılar Turniri barədə danışarkən deyib. 

Federasiya rəhbəri bildirib ki, turnirdə iştirak edən şahmatçılarla Nicat arasında səviyyə fərqi böyük idi: “İlin əvvəlindən böyük və məhsuldar hazırlıq prosesində iştirak etdi, Şəhriyar Məmmədyarov və Abdulla Qədimbəyli ilə yanaşı, şahmat dünyasının tanınan mütəxəssisləri ilə işlədi. Hazırlıq dövründə gözlənilməz problemlər fiziki zədəsi ilə bağlı oldu. Ayağının sınması planlaşdırılan hazırlıq dönəminə müəyyən mənfi təsirini göstərdi”.

O, 28 yaşlı qrosmeysterin növbəti illərdə həm oyununu, həm də reytinqini artıracağına inandığını söyləyib: “Təmsilçimizin yalnız bir partiyada - Alireza Firuzca ilə oyun zamanı debütdən sonra pis vəziyyət aldığını qeyd etməliyəm. Digər bütün partiyalarda mübarizə var idi. Fikrimcə, başqa turnir olsaydı, uduzduğu əksər oyunlarda məğlub olmayacaqdı, ən azı heç-heçə edəcəkdi. Bəzi məqamlarda əks hücuma keçmək şansları görünürdü. Biz onun İddiaçılar Turnirini belə nəticə ilə başa vurmasını istəməzdik. Şahmatçının hazırlıq dövründə qazandığı biliklər növbəti illərdə ona çox lazım olacaq. Əsas odur ki, Nicat məyus olmasın, hazırlaşmağı davam etdirsin”.