logo

Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı

15:35 29-03-2024 | icon 1869
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, martın 30-da Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 metr/saniyə, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Martın 30-u axşamdan 31-i səhərədək havanın fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq 31-i səhərədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin 15-20 metr/saniyə, 30-da gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.