logo

Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək

15:15 28-03-2024 | icon 3535
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri olan “Saka Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur.

Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalayıb.

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapıb.