logo

Mərkəzi Bank uçot dərəcəsini endirib

10:50 28-03-2024 | icon 1232
Mərkəzi Bank uçot dərəcəsini endirib

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75 faizdən 7,5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8,75 faizdən 8,5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Mərkəzi Bankdan YeniAvropa-ya bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2 faiz) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.

“Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb”, - deyə məlumatda bildirilir.

Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Cari ilin fevralında 12 aylıq inflyasiya 0,8 faiz, 12 aylıq baza inflyasiya isə 1,4 faiz təşkil edib. İllik ərzaq deflyasiyası 0,3 faiz, qeyri-ərzaq inflyasiyası 1,4 faiz, xidmətlər inflyasiyası isə 2,3 faiz olub.

İllik inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir. Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi bu ilin fevralında illik əsasda 7,3 faiz, o cümlədən enerji qiymətləri üzrə 7,5 faiz enib. ABŞ-nin Enerji İnformasiya Agentliyinin (EİA) məlumatına görə, cari ilin II rübündən neft ehtiyatlarının artması proqnozu qiymətlərə təsir edən əsas amillərdən biri olacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi fevralda illik əsasda 10,5 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 faiz və 2024-cü ilin ilk 2 ayında 1,8 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Cari ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunub. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. Bu ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Ötən ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11,5 faizi səviyyəsində profisit olub. Ticarət balansında bu ilin ilk 2 ayında 2,3 milyard dollar məbləğində profisit formalaşıb. Proqnozlara əsasən, mövcud meyillərin davam edəcəyi təqdirdə bu ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 milyard dollar) gözlənilir. Bununla yanaşı, fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1,3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb.

Pul siyasəti alətləri avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edir. Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv istifadə pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edib. Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6,52 faiz (fevralda 6,29 faiz) olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Pul bazarındakı faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Xarici mənşəli başlıca inflyasiya riskləri odur ki, geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də, iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər. O cümlədən, fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri istisna edilmir.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Cari ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5,3 faiz) dəyişməz saxlanılıb. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə cari ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır.

Pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaq. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaq.

Bu qərar 29 mart 2024-cü ildən qüvvəyə minir.