logo

Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb

21:11 27-03-2024 | icon 861
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb

Martın 26-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb, hadisə komissiya tərəfindən araşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə “Lifttəmir” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.

Baş vermiş hadisə ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib. “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar.

Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

Martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən həyatını itirib.