logo

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək

16:46 27-03-2024 | icon 882
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək

Martın 29-da Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə təşkilatçılığı ilə 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, artıq üçüncü ildir təşkil olunacaq forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.

Forumda aqrobiznes sektorunun hazırkı vəziyyəti və perspektivləri, habelə iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıqyönümlü bir sıra məsələlər müzakirə olunacaq.

Forum çərçivəsində kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar - Yaşıl Maliyyə və İqlimə Davamlılıq üçün dövlət dəstək alətləri, Kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun kənd təsərrüfatı potensialı mövzusunda panel müzakirələri keçiriləcək.

Panellərdə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, aqrar sahənin inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılacaq.

Eyni zamanda, paralel sessiyada xarici mütəxəssis tərəfindən müvəkkil təşkilatlarının əməkdaşları üçün kənd təsərrüfatı kreditləri ilə işin təşkili mövzusunda təqdimat olacaq.

Forumda kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələri, uğurlu maliyyələşdirmə yolu ilə inkişaf etmiş yerli təsərrüfatların və ya aqrobizneslərin video təqdimatları və onların mükafatlandırılması həyata keçiriləcək.