logo

Bu gün Yer Kürəsi Günüdür

13:45 20-03-2024 | icon 1001
Bu gün Yer Kürəsi Günüdür

Bütün dünyada martın 20-də BMT-nin təşəbbüsü ilə Yer Kürəsi Günü qeyd olunur.

YeniAvropa xəbər verir ki, beynəlxalq bayramların təqvimində iki Yer Kürəsi Günü var – birincisi bu gün - yaz gecə-gündüz bərabərliyi günündə - martın 20-21-də, ikincisi isə aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist yönümlü, ikincisi isə ekoloji yönümlüdür.

Martın 20-nin 1971-ci ildə BMT tərəfindən Yer Kürəsi Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Kürəsi Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

Bu günün yaradıcısı 1840-cı illərdə ölkənin hər bir vətəndaşının ətraf mühitə hörmətlə yanaşması proqramı çərçivəsində ağac və kol əkmək kampaniyasına başlayan məşhur Amerika ictimai xadimi Con Morton hesab olunur. 1872-ci ildə o, Nebraska ərazisinin katibi olanda abadlıq işlərinə həsr olunmuş bir gün təklif etdi. Dərhal çox populyarlaşan həmin gün Ağac Günü adlandırıldı.

İlk gün ərzində ştatın sakinləri bir milyona yaxın ağac əkiblər və onların təşəbbüsü tezliklə ictimai hərəkata çevrilib. 1970-ci ildən başlayaraq bayramın mənası ətraf mühitin mühafizəsi ilə bağlı ümumi ideyaya qədər genişlənib və yeni bir ad - Yer Kürəsi Günü meydana çıxıb. Bu isə milli səviyyədə qeyd olunub. 1971-ci ildə BMT həmin bayramı rəsmi olaraq qəbul etdi və sonradan qloballaşan həmin tarix ildən-ilə daha çox beynəlxalq dəstək aldı.

Dünyanın müxtəlif yerlərində bu gün ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üçün keçirilən ən məşhur tədbirlər arasında ekoloji sərgi və festivallar, marafonlar və təbiət konfransları, şəhərlərdə küçə və ərazilərin təmizlənməsi, ağacların əkilməsi və sıx küçələrdə nəqliyyatın dayandırılması, mədəni tədbirlər, konsertlər yer alır.

Onu da qeyd etmək lazımdır ki, formalaşmış ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan Sülh Zəngi birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.

Yer Kürəsi Gününün, həmçinin planetimizin kosmosdan çəkilmiş ilk fotoşəkillərindən birini təsvir edən öz bayrağı var. Bu, yalnız birgə səylərlə Yer kürəsində qlobal ekoloji və sosial problemləri həll edə biləcəyimizi dərk etməyin əlamətidir. Təsadüfi deyil ki, bu bayram kosmonavtlar tərəfindən fəal şəkildə dəstəklənir. Axı planetimizin nə qədər gözəl və müdafiəsiz olduğunu, onun hamımızın diqqətli rəftarına necə ehtiyacı olduğunu dünyaya ilk dəfə onlar çatdırıblar...