logo

Novruz bayramı ilə əlaqədar FHN əhaliyə müraciət edib

10:30 19-03-2024 | icon 623
Novruz bayramı ilə əlaqədar FHN əhaliyə müraciət edib

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Nazirlikdən YeniAvropa-ya daxil olan müraciətdə deyilir: “Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, Novruz bayramının əsas mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr baş verdi. Belə ki, paytaxt ərazisində keçirilən çərşənbə mərasimləri zamanı 2 nəfər bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Göstərilənlərlə bağlı nazirlik bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!