logo

Qlobal Bakı Forumunda müharibə və sülh mövzusunda müzakirələr aparılıb

16:46 14-03-2024 | icon 2058
Qlobal Bakı Forumunda müharibə və sülh mövzusunda müzakirələr aparılıb

Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun ikinci panel iclasında “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda müzakirələr aparılıb.

YeniAvropa xəbər verir ki, panel iclasına Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edib.

Azərbaycanın idarəçilik, mürəkkəb bir vəziyyətdə manevr etmək bacarığı göstərdiyini deyən Eka Tkeşelaşvili ölkəmizin, eyni zamanda, beynəlxalq səviyyədə də öz səylərini əsirgəmədiyini diqqət çatdırıb. Bildirib ki, Azərbaycan planetin gələcəyi ilə bağlı xüsusi töhfəyə malikdir.

Panel iclasında çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç bildirib ki, Ukrayna və Qəzzada olan müharibələr realpolitikin qayıdışının vacibliyini ortaya çıxarır. “Realpolitikin verdiyi fürsətlərdən yararlanmaq, boşluqları üzə çıxarıb beynəlxalq münasibətləri məqbul istiqamətə çəkməliyik. Beynəlxalq münasibətlər ona dəlalət edir ki, biz öz bacarıqlarımızı, potensial vərdişlərimizi gücləndirməli, təkcə mövcud vəziyyətə üçün deyil, gələcək üçün də üfüqləri üzə çıxarmalıyıq. Burada maraqların toqquşması qeyri-sabitliyə yol açır. Beynəlxalq təşkilatlarda siyasəti elə qurmalıyıq ki, orada missiyaların yerinə yetirilməsinə nail olaq. Hazırda cəmiyyət ən çətin taleyüklü dövrünü yaşayır, fərdi və kollektiv seçim arasında qalmışıq. Buna görə narahatlığımızı ifadə edirik. Beynəlxalq aləmdə realpolitikin alətləri işlək olmalıdır, əks halda, hazırkı vəziyyət tənəzzülə səbəb olacaq və həmin tənəzzül daha da dərinləşəcək”, - deyə o əlavə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib.

İllər öncə qlobal təhdidlərlə mübarizə üçün bir sıra mövcud alətlərin, o cümlədən beynəlxalq təşkilatların bu gün yalnız məhdud sayda ölkənin maraqlarının ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən mexanizmləri qeyri-effektiv etməklə yanaşı, onlara inamın sarsılmasına gətirib çıxardığı vurğulanıb.

Müasir beynəlxalq münasibətlər sisteminin öz milli maraqları, narahatlıqları olan çoxsaylı müstəqil ölkələrdən, yerləşdikləri bölgədə regional aktor, habelə “orta dövlət”ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Hazırkı beynəlxalq münasibətlər konyunkturunda mövcud beynəlxalq instrumentlərin özünü doğrultmaması fonunda ölkəmizin regional əməkdaşlığın inkişafına, xüsusilə qonşu dövlətlərlə tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının Beynəlxalq təşkilatlar üzrə sabiq baş direktoru Hyu Duqan çıxışında bildirib ki, realpolitikdən irəli gələn idealizm daha çox tələyə oxşayır. Bu, dünyanı avtoritar rejimdə işləməyə məcbur edir.

Latviyanın sabiq prezidenti Valdis Zatlers isə birtərəfli realpolitikin dəyişməli olduğunun vacibliyini diqqətə çatdıraraq deyib: “Bu, balanslaşdırılmış şəkildə olmalıdır. Realpolitiki balanslı şəkildə istifadə etməliyik”.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsinin İpək yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsi olduğunu diqqətə çatdırıb.

Həyata keçirilən layihə nəticəsində regionda savaş əvəzinə, iqtisadi əməkdaşlıq yarandığını deyən B.Yıldırım qeyd edib: “Biz bu layihə ilə regiona sabitlik gətirdik. Bu, dünya miqyasında yaxşı bir nümunə ola bilər”.

Azərbaycanın 30 il erməni təcavüzündən əziyyət çəkdiyini vurğulayan Binəli Yıldırım deyib: “Azərbaycanla həmrəyliyimizi nümayiş etdirdik. “Bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq əməkdaşlığımızı gücləndirdik. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasında bütün siyasi iradəmizi nümayiş etdirdik. Artıq Qafqaz regionuna sülh, sabitlik və rifah gəlib. Biz də Cənubi Qafqazda sülhün bərqərar edilməsinin tərəfdarıyıq”.

Çex Respublikasının sabiq xarici işlər naziri Jan Kavan qloballaşmanın münaqişələrə gətirib çıxardığını və onların bir-biri ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, böyük güclərin bu prosesə qatılması mənfi haldır.

BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, 2007-2012-ci illərdə Serbiya xarici işlər naziri Vuk Yeremiç bildirib ki, realpolitik hər zaman bizimlə olsa da, müxtəlif zamanda fərqli mənalar daşıyıb.

“BMT ilə bağlı suallar qarşımızda daim durmaqdadır. Biz BMT-ni fəaliyyətsizliyinə görə nə qədər tənqid etsək də, bu, çox mühüm təşkilatdır. Mən onun gələcəyinə inanıram. BMT-nin gücünü artırmalıyıq. Bu da özlüyündə dünyanın bərpasına gətirib çıxaracaq”, - deyə V.Yeremiç əlavə edib.

Fransa Senatının üzvü Natali Qule beynəlxalq hüququn işləmədiyini, hər kəsin öz məqsədlərinə görə çalışdığını diqqətə çatdırıb. O, realpolitikin müəyyən lobbiçilik tərəfindən güdüldüyünü də vurğulayıb. N.Qule Fransada Azərbaycana qarşı toksik lobbiçiliyin olduğunu da diqqətə çatdırıb.